BAKI, 18 fevral. TELEQRAF

Ukrayna xalqı qoşunların Donbasdan birtərəfli şəkildə çıxarılmasını və Rusiyaya verilməsini nəzərdə tutan sülh müqaviləsini rədd edəcək.

Teleqraf xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski " Axios"a müsahibəsində bildirib.

Onun sözlərinə görə, Cenevrədə aparılan danışıqlarda əsas mübahisəli məqam Donbas üzərində nəzarətdir və bunun təxminən 10%-i Ukraynanın əlindədir .

Zelenski qeyd edib ki, amerikalı vasitəçilər Stiv Uitkoff və Cared Kuşner ona Rusiyanın həqiqətən müharibəni dayandırmaq istədiyini deyiblər.

Lakin Ukrayna prezidenti daha pessimist olduğunu açıq şəkildə bildirib. O həmçinin Uitkoff və Kuşnerə öz xalqının "uğursuz hekayə" hesab edəcəyi sülh vizyonunu ona satmağa çalışmamağı məsləhət görüb.

Zelenski bildirib ki, Prezident Trampın Rusiyanı deyil, Ukraynanı sülh üçün güzəştə getməyə çağırması ədalətsizlikdir.

O, açıq şəkildə bildirib ki, Tramp üçün Rusiyadansa, Ukraynaya təzyiq göstərmək daha asan görünür: "Davamlı sülhə gedən yol Rusiya Prezidenti Vladimir Putinə qələbə verməkdən ibarət deyil".