BAKI, 16 aprel. TELEQRAF

Livanda atəşkəs rejiminin yaxın vaxtlarda elan edilərək bu həftə qüvvəyə minməsi ehtimal olunur.

Teleqraf xəbər verir ki, bu barədə “Financial Times” qəzeti iki mənbəyə əsaslanaraq məlumat yayıb. Bildirilir ki, atəşkəsin İsrail qoşunlarının ölkənin cənubunda yerləşən Bint-Cubeyl şəhəri üzərində nəzarəti bərqərar etməsindən sonra qüvvəyə minməsi gözlənilir.

Mənbələrdən birinin sözlərinə görə, mümkün razılaşma İsrailin zərbələrinin dayandırılmasını nəzərdə tutsa da, qoşunların Livan ərazisindən çıxarılmasını əhatə etmir.

Livan hökumətindəki mənbələr isə bildiriblər ki, atəşkəsin müddəti böyük ehtimalla ABŞ ilə İran arasında qüvvədə olan razılaşma ilə əlaqələndiriləcək.

Qeyd edək ki, daha əvvəl ABŞ və İsrail Livana zərbələrin dayandırılmasının Vaşinqtonla Tehran arasında əldə olunan razılaşmaya daxil olmadığını bəyan etmişdi. Lakin İran və vasitəçi qismində çıxış edən Pakistan rəsmiləri bunun əksini bildirmişdi.

Məlumata görə, Böyük Britaniyanın baş naziri Kir Starmer də daxil olmaqla bir sıra Qərb siyasətçiləri Livanın da atəşkəs razılaşmasına daxil edilməsinin tərəfdarıdır.

“Financial Times” ABŞ prezidenti Donald Tramp administrasiyasının yüksək vəzifəli nümayəndəsinə istinadən yazır ki, Livanda döyüşlərin dayandırılması Vaşinqtonun İranla apardığı sülh danışıqlarının bir hissəsi olmasa da, ABŞ lideri bunu İsrail və Livan arasında mümkün razılaşmanın tərkib hissəsi kimi müsbət qarşılayır.

Qeyd edək ki, İsrail martın 2-dən etibarən “Hizbullah”a qarşı Livan ərazisində hərbi əməliyyatlar aparır. İsrail tərəfi bu addımları ölkənin şimal bölgələrinin təhlükəsizliyinin təmin olunması məqsədilə “irəli müdafiə mövqelərinin gücləndirilməsi” kimi qiymətləndirir.