BAKI, 16 aprel. TELEQRAF

"Qalatasaray"ın hücumçusu Mauro İkardinin komandadakı gələcəyi ilə bağlı qeyri-müəyyənlik davam edir.

Teleqraf Türkiyə mətbuatına istinadla xəbər verir ki, argentinalı forvarda vətənindən təklif var.

"River Pleyt"in transfer pəncərəsi zamanı bir sıra yüksək səviyyəli transferlər etmək istədiyi və Mauro İkardinin də nəzərdən keçirilən adlar arasında olduğu bildirilib.

Məlumatda klub rəsmilərinin İkardi və onun agenti ilə əlaqə saxladığı qeyd olunub. Ulduz futbolçu qərar vermək üçün cari mövsümün sonunu gözləyir.

"Qalatasaray" rəhbərliyi ilə fikir ayrılığı yaşayan 33 yaşlı hücumçunun mövsümün sonunda klubdan ayrılacağı ehtimal edilir.

Qeyd edək ki, bu mövsüm 42 rəsmi matçda meydana çıxan İkardi 15 qol vurub və 2 məhsuldar ötürmə edib.