BAKI, 16 aprel. TELEQRAF

Böyük Britaniyanın BBC korporasiyası əməkdaşlarının təxminən 10 faizini ixtisar etməyi planlaşdırır.

Teleqraf xəbər verir ki, bu barədə “Financial Times” qəzeti məlumat yayıb. Bildirilir ki, ümumilikdə 21,5 min nəfərin çalışdığı qurumda ixtisarların 2 minə yaxın əməkdaşı əhatə edəcəyi gözlənilir.

Məlumata görə, bu addım BBC-nin artan maliyyə təzyiqləri fonunda xərclərin azaldılması planının tərkib hissəsidir. Şirkət həmçinin işə qəbul, ezamiyyətlər və müxtəlif tədbirlərə ayrılan xərcləri də məhdudlaşdırmağı nəzərdə tutur.

Qeyd edək ki, martın 25-də BBC yeni baş icraçı direktorunun ABŞ-ın “Google” şirkətinin sabiq top-meneceri Mett Brittin olacağını açıqlamışdı. Onun sələfi Tim Deyvi 2025-ci ildə ABŞ prezidenti Donald Trampın çıxışının redaktəsi ilə bağlı qalmaqal fonunda istefa vermişdi.

Xatırladaq ki, Tramp BBC-ni 2024-cü ilin oktyabrında yayımlanan “Panorama” proqramında çıxışının təhrif edilməsi ilə ittiham edib.