BAKI, 16 aprel. TELEQRAF
Abşeron rayonunda 1997-ci il təvəllüdlü Vüsal yaşıdı Elçinlə birlikdə özünü azlıqların hüquq müdafiəçisi kimi təqdim edən Rahimə (adlar şərti verilib – red.) qarşı quldurluq ediblər.
Teleqraf-ın əldə etdiyi məlumata görə, Ağdam rayon sakini Vüsal Şamaxı rayonundan olan dostu Elçinlə birlikdə 2022-ci il aprelin 20-də gecə saat 1:30-da Rahimi transların soyunub-geyinmə yerini göstərmək adı ilə aldadıblar və Xırdalan şəhərində “Şamlıq” adlanan yerə aparıblar.
Vüsal bıçağı Rahimin boğazına dirəyib, Elçin isə onun ciblərini axtarıb, 150 manat dəyərində “Samsung Galaxy J3” markalı mobil telefonunu və 45 manat pulunu götürüb.
Daha sonra Vüsal bıçaqla Rahimin sol arxa nahiyəsinə bir zərbə endirib.
Təqsirləndirilən şəxslərin barəsində Cinayət Məcəlləsinin 181.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən quldurluq törətmək) və 181.2.5-ci (silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə quldurluq törətmək) maddələri ilə ittiham elan edilib.
Vüsal ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. İfadəsində göstərib ki, aprelin 19-da gecə saat 23 radələrində Xırdalanda “Şamlıq” deyilən ərazidə piyada gəzişirmiş: “Gəzə-gəzə Biləcəri qəsəbəsində yerləşən “Bazar Store”un qarşısına gəldim. Qarşıma sonradan adının Rahim olduğunu bildiyim şəxs çıxdı. Üzbəüz gələndə onunla salamlaşdım. Hər ikimiz təkiydik deyə düşündüm ki, birlikdə gəzişərik.
Söhbət edə-edə “Rahat” marketin yanına çatdıq. Rahimə təklif etdim ki, yolüstü keçiddən digər tərəfə keçib, oradan piyada geri qayıdaq. “Şamlıq” olan hissəyə keçəndə qarşımıza trans çıxdı. Bizi görən kimi salam verdi. Rahim məndən nə baş verdiyini soruşdu, dedim ki, translar gecələr bura, yəni “Şamlıq” deyilən əraziyə yığışırlar.
Rahim də qayıtdı ki, cinsi azlıqların hüquqlarını müdafiə etdiyi üçün onların həyatı ona maraqlıdır. Təklif etdim ki, Xocahəsən yolunun kənarındakı yanacaqdoldurma məntəqəsinin yaxınlığına çoxlu translar yığışır, ora gedib, onları görmək olar. Birlikdə yanacaqdoldurma məntəqəsinin içi ilə translar yığışan yerə getdik”.
Təqsirləndirilən şəxsin sözlərinə görə, translar olan yerə təxminən 20-25 metr qalmış Rahimə gözləməyi məsləhət bilib, özü translara yaxınlaşaraq geri dönəcəyini deyib: “Mən Rahimdən aralanan vaxtı Elçini “Şamlıq” deyilən ərazidə gördüm. O, bizə yaxınlaşdı, bir az söhbət etdik. Elçin Rahimə təklif etdi ki, yaxınlıqda transların paltarlarını soyunub-geyinmə yeri var, əgər ona maraqlıdırsa, həmin yeri göstərə bilər. Üçümüz birlikdə şamlıqla Xırdalan şəhəri istiqamətinə getdik.
Mən Elçini görəndə iki nəfər olduğumuz üçün düşündüm ki, Rahimi təkləyərək soymaq olar. Bunu sakitcə Elçinə bildirdim, o da mənimlə razılaşdı”.
Vüsalın ifadəsinə görə, təxminən bir neçə metr uzaqda ağaclardan asılmış kişi və qadın paltarları görüblər: “Bura uzaq yer olduğu üçün düşündüm ki, Rahimi burda soymaq olar. Rahimin başı qarışanda onun qolundan tutdum və özümə doğru dartdım. O, əlimdən çıxaraq qaçdı. Dərhal Elçinə dedim ki, dalınca qaçıb onu tutsun.
Rahim 10-15 metr uzaqlaşmışdı ki, yerə yıxıldı və Elçin onu tutdu. Mən də onlara çatdım. Rahimi arxası üstə yerə uzatdım, boğazına bıçağı dirəyərək Elçinə dedim ki, üstünü axtarsın. Rahimin ciblərindən 45 manat pul və bir mobil telefon çıxdı. Telefonu geri istəsə də, vermədik. Elçin təpikləyib onu yerə yıxdı. Mən də arxa nahiyəsindən bıçaqla vurdum.
Elçin telefonu mənə verdi, pul isə özündə qaldı. Telefonu tanımadığım şəxsə satdım”.
Digər təqsirləndirilən Elçin elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib, ifadəsində göstərib ki, ailəsi ilə mübahisə etdikdən sonra onlardan ayrılıb və Bakı şəhərinə gəlib: “Qalmağa yerim yox idi, “Şamlıq” adlanan ərazidə qalırdım. Vüsal tez-tez gələrək mənə pul, siqaret verirdi.
Bir gün Vüsal yenə yanıma gəldi. Onun Rahimlə mübahisə etdiyini gördüm. Vüsalın Rahimi bıçaqla vurduğunu görməmişəm”.
Elçin ibtidai istintaq zamanı özünü ittiham üzrə təqsirli bilib. İfadəsində göstərib ki, Bakı şəhərində yaşamağa yeri olmadığı üçün gündəlik 2-3 manatlıq evlərdə qalıb: “Təxminən son 5-6 ay olardı ki, Abşeron rayonu ərazisində yerləşən “Şamlıq” deyilən yerdə gecələyirdim. Rahimi əvvəllər tanımamışam, onunla aramızda ədavət və düşmənçiliyim olmayıb”.
Elçin qeyd edib ki, 2022-ci ilin aprelin 20-də gecə saat 1 radələrində “Şamlıq”da tək gəzirmiş: “Rahim və Vüsal da gəldilər. Vüsalı “Şamlıq”da cinsi azlıqların yanında tez-tez görürdüm. Bir neçə dəfə oturaraq çay içmişdik. Beləcə tanışlığımız yaranmışdı.
Onlar gəzişən zaman Vüsal Rahimin yanından aralaşaraq cinsi azlıqlar duran yerə tərəf getdi. Rahimə yaxınlaşdım, Vüsalın dalınca baxaraq cinsi azlıqlara qarşı nalayiq ifadələr işlətməyə başladım. Vüsal da onları söydü. Rahim etiraz etdi və transları nə üçün söydüyünü soruşdu. Vüsal mübahisədən yayındı, dedi ki, hərənin öz həyatı var, özləri bilərlər. Bu qaydada söhbətlərimiz başladı.
Rahimə bildirdim ki, yaxınlıqda transların paltarlarını soyunub-geyinmə yeri var, istəsə ona həmin yeri göstərərəm. Maraqlı gəldiyi üçün o, təklifimlə razılaşdı. Rahim həmin yerə baxan zaman mən əyilmiş formada dayanmışdım. Rahimlə Vüsal isə ayaq üstə söhbət edirdilər. Söhbət zamanı anidən Vüsal Rahimin qolundan möhkəm yapışaraq özünə tərəf dartmaq istədi. Rahim ona müqavimət göstərdi, əlindən çıxaraq qaçdı. Hadisə bir anın içində olduğu üçün nə baş verdiyini başa düşmədim.
Vüsal mənə qışqırdı ki, Rahimi tut. Mən də onun dalınca qaçdım. Rahim təxminən 10 metr qaçmışdı ki, ayağı ilişərək yerə yıxıldı. Bundan sonra Vüsal da gəldi. Rahimi yerdə beli üstə uzandıraraq boğazına bıçaq dirədi, mənə də onun üstünü axtarmağı əmr etdi. Vüsalın sözü ilə onun üstünü axtarmağa başladım. Şalvarının sağ cibindən mobil telefon, sol cibindən 45 manat pulu götürdüm.
Rahim xahiş etdi ki, pul lazım deyil, heç olmasa telefonunu qaytarım. Ona yazığım gəldi, amma Vüsal telefonu qaytarmağa razı olmadı. Hadisədən sonra bir neçə dəfə Vüsalla görüşmüşəm. Rahimi bıçaqla vuraraq xəsarət yetirdiyini mənə deməyib”.
İş üzrə zərərçəkmiş Rahimin sözlərinə görə, cinsi azlıqların hüquq müdafiəçisidir: “Hadisənin baş verdiyi tarixi dəqiq xatırlamıram. Binəqədi rayonu ərazisində məhəllədə gəzirdim. Vüsal mənə yaxınlaşaraq, tanış gəldiyimi bildirdi, aramızda ünsiyyət yarandı. Birlikdə gəzməyə başladıq. Ondan 24 saat açıq olan marketin ünvanını soruşdum. Həmin market istiqamətində irəlilədik.
Vüsal mənə cinsi azlıqların dayandığı yeri bildirdi. Mən də onların soyunub-geyinmə otaqlarının şəraiti ilə tanış olmaq istədim. Oraya çatdıqda Vüsal cinsi azlıqlarla bir müddət ünsiyyətdə oldu. Hiss olunurdu ki, onlarla əlaqəsi var. Yolda gələrkən cinsi azlıqlar barəsində söhbət edən zaman Vüsal onların ünvanına nalayiq ifadələr səsləndirdi. Mənə Vüsalın əvvəl onları təhqir etməsi, daha sonra onlarla ünsiyyətdə olması maraqlı gəldi.
Bir müddət sonra Elçin adlı şəxs oraya gəldi. O da cinsi azlıqların ünvanlarına nalayiq ifadələr səsləndirdi. Onlar məni cinsi azlıqların soyunub geyindiyi yerə apardılar. Oraya sakit şəkildə keçdik. Qəflətən Vüsal heç bir səbəb olmadan mənə yumruq zərbəsi endirdi. Onların əlindən qaçmaq istədim, amma bacarmadım”.
Bu cinayət işinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində baxılıb. Vüsal 9 il, Elçin isə 8 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.
Hökmdən narazı qalan təqsirləndirilən Vüsal apellyasiya şikayəti verib. O, əməlini Cinayət Məcəlləsinin126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsinə tövsif edilməsini istəyib. Sumqayıt Apellyasiya Məhkəməsinin qərarı ilə məhkumun şikayəti təmin olunmayıb.
Bundan sonra Vüsalın müdafiəçisi eyni tələblə Ali Məhkəməyə müraciət edib. Daha yuxarı instansiya məhkəməsi də şikayəti əsaslı hesab etməyib.