BAKI, 16 aprel. TELEQRAF

Niderland Kralı Villem-Aleksandr ABŞ-yə işgüzar səfərində Prezident Donald Trampa iki ölkənin müəyyən məsələlərdə fundamental fikir ayrılıqları olduğunu açıq şəkildə söylədiyini bildirib.

Teleqraf xəbər verir ki, bu barədə o, ANP-yə müsahibəsində danışıb.

“Fundamental məsələlərdə fikir ayrılığımızı açıq şəkildə bildirdik”, - kral qeyd edib.

Villem-Aleksandr Trampla şam yeməyində hansı mövzuların müzakirə olunduğunu açıqlamaqdan imtina edib. Niderland Kralı Ağ Evdəki söhbətin açıq, dürüst və qarşılıqlı hörmət əsasında olduğunu deyib.

Monarxın sözlərinə görə, Amerika lideri ilə söhbət xüsusilə Niderlandın Karib dənizindəki mülkləri ilə bağlı olub: “Açıq şəkildə bəyan etdik ki, Niderland Krallığı ilə Venesuela arasındakı məsafə Hörmüz boğazının enindən azdır”.

Niderland Kralı Villem-Aleksandr və həyat yoldaşı Kraliça Maksimanın ABŞ-yə rəsmi səfəri 13-15 aprel tarixlərində baş tutub. Səfər zamanı onlar Vaşinqton, Pensilvaniya və Florida ştatlarına səfər ediblər. Kral ailəsi ilə birlikdə ABŞ-yə Niderland Baş naziri Rob Jetten, xarici işlər naziri Tom Berendsen və xarici ticarət naziri Syurd Syurdsma da gedib.