BAKI, 16 aprel. TELEQRAF
UEFA Çempionlar Liqasının 1/4 finalının cavab oyununda "Bavariya" "Real Madrid"i 4:3 hesabı ilə məğlub edib.
Türkiyə millisinin və Madrid təmsilçisinin üzvü Arda Gülər qarşılaşmada dublla yadda qalıb.
Teleqraf xəbər verir ki, “Bavariya”nın təcrübəli qolkiperi Manuel Noyer mətbuata açıqlamasında türkiyəli barədə fikirlərini səsləndirib.
O, ilk qolda səhv etdiyini etiraf edib:
"Əslində, topu çöldəki Staniyə (red. Yosip Stanisiç) ötürmək istəyirdim, amma topa düzgün vura bilmədim. Həqiqətən dəhşətli ötürmə verdim. Arda Gülər səhvimdən istifadə edib fantastik sol ayağı ilə topu ələ keçirdi. Ardanın zərbələri həqiqətən güclüdür. Bunu cərimə zərbəsi vəziyyətində də gördük. Bu, onun istedadıdır. Ardanı xüsusi edən də budur".
Əfsanəvi keçmiş fransız futbolçu Tyerri Anri də matçdan sonra Arda Gülərin “Bavariya” qarşısında çəkinmədiyini və topa nəzarət etdiyini vurğulayıb:
“Arda Gülər sadəcə topla oynamır. O, məsuliyyəti öz üzərinə götürür. Arda heç şübhəsiz dünya səviyyəsindədir. Bunu "Bavariya"ya qarşı, o təzyiq altında və o səviyyədə bacarmaq, onun xarakteri haqqında hər şeyi deyir. Gizlənmir, topu istəyir və oyuna nəzarət edir”.
Qeyd edək ki, ümumilikdə 6:4 hesabı ilə almanlara məğlub olan La Liqa klubu 1/4 finalda mübarizəni dayandırıb.