BAKI, 16 aprel. TELEQRAF

Madaqaskar Prezidenti Mikael Randrianirina və həyat yoldaşına qarşı sui-qəsd cəhdi olub.

Teleqraf xəbər verir ki, bu barədə Madaqaskar Respublikası Prezident Administrasiyasının kommunikasiya direktoru Harri Loran Rahadzason məlumat verib.

Ölkə rəsmisinin sözlərinə görə, gecə saatlarında prezidentin iqamətgahının ətrafında beş dron dövrə vurub. Dronlar müvafiq sistemlər tərəfindən ərazidən uzaqlaşdırılıb.

Rahadzason hadisə ilə bağlı araşdırma başlandığını açıqlayıb. O, aşkarlanan dronların sursat daşımadığı, yaşayış yerini və hər otaqdakı insanların sayını izləmək üçün infraqırmızı izləmə cihazları ilə təchiz olunmuş PUA-lar olduğunu bildirib.

Prezident Administrasiyasının sözçüsü qeyd edib ki, bu, Madaqaskar rəhbərliyinin yanacaq təchizatı mənbələrini şaxələndirmək niyyətindən narazı qalan xarici qüvvələr tərəfindən qorxutma cəhdi ola bilər. O, həmçinin ölkənin kəşfiyyat xidmətlərinə müəyyən qüvvələrin aprelin 18-də parlament binasını yandırmaq niyyəti ilə bağlı daxil olan məlumatlara da diqqət çəkib.

Aprelin əvvəlində Madaqaskar hakimiyyəti 13 nəfəri dövlət çevrilişi və prezidentə qarşı sui-qəsd planlaşdırmaqda ittiham etmişdi.