BAKI, 16 aprel. TELEQRAF

Livan Prezidenti Cozef Aun İsrail Baş naziri Benyamin Netanyahu ilə danışıqlardan imtina edib.

Teleqraf xəbər verir ki, bu barədə İsrailin N12 telekanalı məlumat yayıb.

Kanalın məlumatına görə, Livan Prezidenti İsrail Baş naziri ilə mümkün görüş barədə telefonla danışdığı ABŞ dövlət katibi Marko Rubioya belə deyib:

“Netanyahu ilə danışmayacağam”.

Aun Rubioya Vaşinqtonun İsrail və Livan arasında atəşkəsə nail olmaq istiqamətində göstərdiyi səylərə və hərtərəfli dəstəyinə görə təşəkkür edib.

Öz növbəsində ABŞ dövlət katibi atəşkəsə nail olmaq, Livanda sülh, təhlükəsizlik və sabitliyi təmin etmək üçün səylərin davam etdiriləcəyini vurğulayaraq, Prezident Aunun mövqeyinə dəstəyini bildirib.

Xatırladaq ki, İsrailin innovasiya, elm və texnologiyalar naziri Gila Qamliel bundan əvvəl Benyamin Netanyahu ilə Cozef Aun arasında onlayn formatda görüşün planlaşdırıldığını açıqlamışdı:

“Ümid edirəm, bu addım yekunda Livanın rifahı və inkişafına gətirib çıxaracaq”.

İsrailli nazir qeyd etmişdi ki, bu barədə müzakirələr uzun müddətdir gedir.

ABŞ Prezidenti Donald Tramp bundan əvvəl Benyamin Netanyahu ilə Cozef Aunun aprelin 16-da danışıqlar aparacağını söyləmişdi. O, bunun İsrail və Livan liderləri arasında 34 ildən sonra ilk söhbəti olacağını bəyan etmişdi.