BAKI, 16 aprel. TELEQRAF

"Avropa Komissiyası (AK) İran münaqişəsindən qaynaqlanan enerji böhranının təsirini azaltmaq üçün bir sıra tədbirləri araşdırır".

Teleqraf xəbər verir ki, bu barədə İspaniyanın "El Pais" qəzeti məqalə dərc edib.

Bildirilir ki, Brüssel tərəfindən hazırlanan təşəbbüsə əsasən, həftədə ən azı bir gün məsafədən işləməyə icazə verilir və ictimai nəqliyyatda gediş haqqının azaldılması da bura daxildir.

Nəşrin məlumatına görə, ABŞ və İsrail tərəfindən başlayan münaqişə avropalılara artıq 22 milyard avrodan çox əlavə yanacaq xərclərinə başa gəlib. Nəşr qeyd edir ki, AK-nin tədbirlərinə mümkün olan yerlərdə ictimai binaların bağlanması da daxildir. Avropa Komissiyasının prezidenti Ursula fon der Leyenin gələn həftə təkliflərini Aİ üzv dövlətlərinin liderlərinə təqdim etməsi gözlənilir.

Bundan əlavə, Brüssel həssas ailələrə xüsusi enerji vauçerləri təqdim etməyi və ya elektrik enerjisi vergilərini azaltmağı təklif edir. AK həmçinin milli və yerli hakimiyyət orqanlarını enerji təchizatçılarının müştərilərinə pik istehlakla bağlı "ən yaxşı tarif" məsləhətləri və xəbərdarlıqları verməsini təmin etməyə çağırır. Brüssel həmçinin bərpa olunan enerji mənbələrinə diqqətini yenidən yönəldib və bunu böhranın həlli və enerji təhlükəsizliyinə aparan yol hesab edir.