ZƏNGİLAN, 16 aprel. TELEQRAF
"Azərbaycan və Rusiya Avrasiyada nəqliyyat bağlılığının gücləndirilməsi, xüsusilə "Şimal-Cənub" oxu üzrə strateji tərəfdaşlığı genişləndirir".
Teleqraf-ın Zəngilana ezam olunmuş əməkdaşı xəbər verir ki, bu barədə Rusiyanın Baş nazirinin müavini Aleksey Overçuk bu gün Zəngilanda keçirilən Azərbaycan-Rusiya Hökumətlərarası Dövlət Komissiyasının 24-cü iclasında bildirib.
Baş nazirin müavini qeyd edib ki, bu gün "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizi (MDK) çərçivəsində yeni beynəlxalq əlavə dəyər zəncirləri formalaşır.
O, xüsusilə dəhlizin qərb marşrutunun inkişafına və əvvəllər əldə olunmuş razılaşmaların icrasına xüsusi diqqət yetirildiyini vurğulayıb.
A.Overçuk keçən il Bakıda təşkil olunan üçtərəfli görüşün əhəmiyyətini xatırladıb:
"Həmin görüş çərçivəsində həm Azərbaycan, həm də İran tərəfdən Astara keçidindəki nəqliyyat-logistika infrastrukturuna baxış keçirmək imkanımız oldu. Azərbaycanın Astaradakı investisiyaları sayəsində yaradılan mərkəzdən biz bu gün artıq aktiv şəkildə istifadə edirik. Bu istiqamətdə işlərin davam etdirilməsi çox vacibdir".