BAKI, 15 fevral. TELEQRAF

Kanada Ukraynanın təhlükəsizliyini təmin etmək üçün çoxşaxəli zəmanət sisteminə qoşulmağa hazırdır.

Teleqraf xəbər verir ki, bu barədə Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Ukraynanın xarici işlər naziri Andrey Sibiqa ilə görüşən Kanadanın xarici işlər naziri Anita Anand bəyan edib.

Kanada Xarici İşlər Nazirliyinin yaydığı məlumata görə, nazir A.Anand rəsmi Ottavanın Ukrayna xalqına, onun suverenliyinə və ərazi bütövlüyünə sarsılmaz dəstəyini bir daha təsdiqləyib:

"Kanada Ukrayna üçün çoxtərəfli təhlükəsizlik zəmanətləri çərçivəsində 'Könüllülər Koalisiyası'na qoşulmağa hazırdır".

Görüşdə Rusiyanın müharibə aparmaq imkanlarını zəiflətmək məqsədilə iqtisadi təzyiqlərin artırılması məsələsi də müzakirə olunub. A.Anand ölkəsinin bu istiqamətdə səylərini davam etdirəcəyini vurğulayıb.

Tərəflər həmçinin ədalətli və davamlı sülhə nail olmaq üçün atılan addımları, o cümlədən sülh prosesindəki irəliləyişləri nəzərdən keçiriblər. Kanadanın hərbi əsirlərin, qanunsuz saxlanılan mülki şəxslərin və məcburi köçürülmüş uşaqların qaytarılması prosesində iştirakı xüsusi qeyd edilib. Bundan əlavə, nazir Kanadanın Ukraynanın bərpası və yenidən qurulması işlərinə dəstək verməyə açıq olduğunu bildirib.

Qeyd edək ki, Andrey Sibiqa Münxen Təhlükəsizlik Konfransındakı çıxışında sülh danışıqlarında real irəliləyişin şərtlərini açıqlayıb. O bildirib ki, bu, yalnız Ukrayna üçün dəqiq, hüquqi öhdəlik yaradan və güclü təhlükəsizlik zəmanətləri olduğu təqdirdə mümkündür.

Ukraynalı nazirin sözlərinə görə, həmin zəmanətlər ABŞ-nin dəstəyini, beynəlxalq hərbi mövcudluq elementlərini, Avropa İttifaqına üzvlüyü, güclü Ukrayna ordusunu və Rusiyaya qarşı sərt sanksiya təzyiqini əhatə etməlidir.