BAKI, 26 noyabr. TELEQRAF
ABŞ-nin texnologiya nəhəngi “Nvidia” Çinə məxsus strukturların nəzarətində olan və ABŞ-də fəaliyyət göstərən iki şirkətə ən yeni kompüter çiplərini tədarük edir.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ-nin CBS telekanalı məlumat yayıb.
Məlumata görə, söhbət baş ofisləri Kaliforniya ştatında yerləşən “RiCloud AI” və “Aivres” şirkətlərindən gedir. Hər iki şirkət “Nvidia”nın tərəfdaşıdır və onun süni intellekt sahəsində istifadə olunan çiplərinə çıxış imkanına malikdir.
Bildirilib ki, “RiCloud AI” Çinin “Yuxing InfoTech Investment Holdings” şirkətinə məxsusdur, “Aivres” isə Çində yerləşən “Inspur” konqlomeratının törəmə müəssisəsidir.
ABŞ hakimiyyəti son həftələrdə “Nvidia”nın süni intellekt texnologiyalarında istifadə olunan çiplərinin qanunsuz yollarla Çinə tədarük edilmiş ola biləcəyini araşdırır.
Noyabrın 12-də şirkətin baş direktoru və prezidenti Censen Huanq Çin lehinə casusluqda şübhəli bilinən qadınla münasibətləri barədə məlumatların yayılmasından sonra vəzifələrindən ayrılmışdı. Çin Xarici İşlər Nazirliyi qadının ölkənin kəşfiyyat orqanları ilə əməkdaşlıq etməsi barədə iddiaları böhtan adlandırmışdı.
Noyabrın 23-də isə “Nvidia”nın direktorlar şurasının yekdil qərarı ilə Huanq vəzifələrinə bərpa olunub.
ABŞ-nin maliyyə naziri Skott Bessent noyabrın 22-də Vaşinqtonun Çin tərəfinin “Nvidia”nın ən yeni məhsulları barədə məlumat əldə edib-etmədiyini müəyyənləşdirmək üçün şirkət rəhbərliyindən operativ şəkildə məlumat tələb etdiyini bildirib.