BAKI, 26 noyabr. TELEQRAF
ABŞ və Rusiya qarşılıqlı təhlükəsizlik narahatlıqlarının aradan qaldırılması üçün atıla biləcək addımları müzakirə ediblər.
Teleqraf xəbər verir ki, bunu ABŞ Prezidentinin xüsusi nümayəndəsi və kürəkəni Cared Kuşner “Axel Springer” media konserninin rəhbəri Matias Döpfnerin podkastında bildirib.
Onun sözlərinə görə, Moskva NATO-nu şərqə doğru genişlənən təhrikedici qüvvə kimi qiymətləndirir.
“Rusiya tərəfi ilə çox maraqlı müzakirəmiz oldu. Tərəflərin bir-birindən təhlükə hiss etməməsi üçün hansı addımları ata biləcəyimizi müzakirə etdik”, – Kuşner qeyd edib.
O bildirib ki, Ukraynadakı münaqişəyə uzun illər ərzində bir çox liderin yol verdiyi anlaşılmazlıqlar, yanlış qərarlar və hesablamalar səbəb olub.
“Biz keçmişi dəyişə bilmərik, lakin ondan dərs çıxarmağa çalışa bilərik. Məqsədimiz yalnız atəşkəsə nail olmaq deyil, həm də davamlı sülh üçün lazımi şərait yaratmaqdır”, – ABŞ Prezidentinin xüsusi nümayəndəsi vurğulayıb.