BAKI, 26 noyabr. TELEQRAF
Rusiya qüvvələri noyabrın 25-də axşam saatlarında Ukraynanın paytaxtı Kiyevə ballistik raketlərlə hücum edib.
Teleqraf xəbər verir ki, bu barədə Kiyev meri Vitali Kliçko teleqram kanalında məlumat yayıb.
Onun sözlərinə görə, hücum nəticəsində Dnepr çayının sol sahilində yerləşən ticarət mərkəzinə və daha iki binaya zərbələr endirilib. Binalardan birinə ciddi ziyan dəyib.
Hücum nəticəsində üç nəfər yaralanıb. Onlardan birinin vəziyyəti ağırdır.
Kliçko hücumun davam etdiyini bildirərək sakinləri sığınacaqlarda qalmağa çağırıb.
“Reuters” agentliyinin müxbirləri şəhərdə ardıcıl güclü partlayışların baş verdiyini bildiriblər.
Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski bu həftənin əvvəlində kəşfiyyat məlumatlarına əsasən, Rusiya qüvvələrinin ölkəyə yeni genişmiqyaslı hücuma hazırlaşdığını açıqlamışdı.
Həm Rusiya, həm də Ukrayna mülki obyektləri hədəfə aldıqlarını inkar edirlər.