BAKI, 26 noyabr. TELEQRAF
İsraildə hakimlər Baş nazir Benyamin Netanyahuya qarşı uzun müddətdir davam edən üç cinayət işindən birinə xitam verilməsini, digərinə isə yenidən baxılmasını prokurorluğa tövsiyə ediblər.
Teleqraf xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Qüds Dairə Məhkəməsinin hakimi Rivka Fridman-Feldman noyabrın 25-də keçirilən məhkəmə iclasında İsrailin baş prokuroru Qali Baharav-Miaraya “4000 saylı iş” üzrə ittiham hökmünün çıxarılması ehtimalının az olduğunu və işə xitam verilməsinin məqsədəuyğunluğunu bildirib.
İttiham tərəfinin iddiasına görə, Netanyahu “Bezeq” telekommunikasiya şirkətinə təxminən 1,8 milyard şekel (500 milyon dollar) dəyərində güzəştlər edib. Bunun müqabilində şirkətin keçmiş rəhbəri Şaul Eloviçin nəzarətində olan xəbər saytında özü və həyat yoldaşı Sara Netanyahu haqqında müsbət materialların yayımlanmasına çalışıb.
Məhkəmə sözügedən tövsiyənin yekun qərar olmadığını açıqlayıb. Baş prokuror isə hakimlərin mövqeyini ittiham tərəfi ilə müzakirə edəcəyini bildirib.
Hakimlər, həmçinin Netanyahunun əməllərində cinayət tərkibinin olub-olmaması ilə bağlı şübhələr səbəbindən “2000 saylı iş”ə yenidən baxılmasını tövsiyə ediblər.
Bu iş üzrə Netanyahu İsrailin “Yediot Ahronot” qəzetinin sahibi Arnon Mozeslə müsbət media işıqlandırılması müqabilində rəqib nəşrin inkişafını məhdudlaşdıracaq qanunvericilik təşəbbüsü barədə danışıqlar aparmaqda ittiham olunur.
Netanyahu məhkəmənin tövsiyəsini “həqiqət və ədalət üçün ümid işığı” adlandırıb.
Qeyd edək ki, İsrailin Baş nazirinə 2019-cu ildə rüşvətxorluq, dələduzluq və etimaddan sui-istifadə ittihamları irəli sürülüb. Məhkəmə prosesi 2020-ci ildə başlayıb. Netanyahu bütün ittihamları rədd edir.