BAKI, 25 noyabr. TELEQRAF
"Uşaqların həyatı da daxil olmaqla, insan həyatını təhdid edən Kubaya qarşı sanksiyalar ləğv edilməlidir".
Teleqraf xəbər verir ki, bu fikirləri Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus bildirib.
ÜST Baş direktorunun Kubaya səfəri zamanı keçirilən mətbuat konfransındakı bəyanatının mətni BMT-nin Humanitar Məsələlərin Koordinasiyası Ofisinin xəbər xidməti olan "ReliefWeb" tərəfindən dərc edilib.
Qebreyesus bildirib ki, yanacaq və enerji çatışmazlığı, dərman və avadanlıqların alınmasına mane olan sanksiyalarla birlikdə, səhiyyə sistemi üçün ciddi çətinliklər yaradır. O, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Volker Türkün yanacaq məhdudiyyətlərinin və sanksiyalarının sərtləşdirilməsinin kubalılara, xüsusən də ən həssas qruplara birbaşa zərər verdiyini və uşaqların da daxil olduğu insan həyatını təhlükəyə atması ilə bağlı xəbərdaredəci mövqeyini xatırladıb.
"O bu məhdudiyyətlərin dərhal aradan qaldırılmasına çağırıb və mən də bu çağırışa qoşuluram", - ÜST-ün Baş direktoru vurğulayıb. Qebreyesusun sözlərinə görə, səhiyyə heç vaxt siyasətin qurbanına çevrilməməlidir.
ÜST rəhbəri xatırladıb ki, bu gün Kubada təxminən 100.000 əməliyyat, o cümlədən 12.000 uşaq əməliyyatı var. Bundan əlavə, 34.000 hamilə qadın lazımi qayğını ala bilmir. Ölkədə bir neçə əsas səhiyyə göstəricisi pisə doğru dəyişir. Xüsusilə, ümumi ölüm nisbəti artıb və ömür uzunluğu - statistika 1950-ci ildə başladığı vaxtdan bəri ilk dəfə olaraq - azalıb: 2020-ci ildəki 78,8 ildən 2025-ci ildə 74,4 ilə qədər.
Qebreyesus 22-24 noyabr tarixlərində Kubaya səfəri zamanı milli immunizasiya proqramını gücləndirmək üçün 2 milyon dollar ayrıldığını elan edib və ölkənin səhiyyə müəssisələrinə avadanlıq bağışlayıb. O, ÜST tərəfdaşlarını Kuba ilə texniki və maliyyə əməkdaşlığını genişləndirməyə çağırıb və əsas səylərin xidmətlərin davamlılığının təmin edilməsinə, uşaqların və anaların qorunmasına və peyvənd prosesinin davam etdirilməsinə yönəldilməli olduğunu vurğulayıb. Baş direktor əmin edib ki, ÜST Kuba xalqına və onların sağlamlığının keşiyində duran səhiyyə işçilərinə dəstəyini davam etdirəcək.