BAKI, 26 noyabr. TELEQRAF
ABŞ-nin Nyu-York şəhərində Şükran Günü münasibətilə keçirilməsi nəzərdə tutulan ənənəvi “Macy’s” paradı yaxınlaşan fırtına səbəbindən noyabrın 26-dan 28-nə təxirə salınıb.
Teleqraf xəbər verir ki, bu barədə NBC telekanalı tədbirin təşkilatçılarına istinadən məlumat yayıb.
“İştirakçıların və tamaşaçıların təhlükəsizliyi bizim əsas prioritetimizdir. Şəhər rəhbərliyi və aidiyyəti qurumlarla ətraflı məsləhətləşmələrdən sonra builki bayram tədbirinin vaxtını dəyişdirmək qərarına gəldik”, – təşkilatçıların açıqlamasında bildirilib.
Bu, paradın 100 ildən artıq tarixində əlverişsiz hava şəraiti səbəbindən təxirə salındığı ilk haldır.
İlk dəfə 1924-cü ildə təşkil olunan parad indiyədək yalnız İkinci Dünya müharibəsi dövründə – 1942, 1943 və 1944-cü illərdə keçirilməyib.
Nyu-York ştatının qubernatoru Keti Hokul daha əvvəl noyabrın 26-da şəhərdə və Hudzon çayı vadisində güclü leysan yağacağını, küləyin sürətinin saniyədə 26 metrə çatacağını açıqlayıb. Sahilyanı ərazilərdə subasma təhlükəsinin olduğu da bildirilib.
Qonşu Nyu-Cersi ştatında isə fırtına ilə əlaqədar fövqəladə vəziyyət elan edilib.
Qeyd edək ki, Şükran Günü 1863-cü ildə ABŞ-nin 16-cı prezidenti Avraam Linkolnun qərarı ilə milli bayram elan olunub. 1941-ci ildən etibarən bayram hər il noyabrın dördüncü cümə axşamı qeyd edilir.