BAKI, 26 noyabr. TELEQRAF

Rusiyanın “Lukoyl” neft şirkətinin xarici aktivlərinin beynəlxalq konsorsium tərəfindən alınması üzrə sövdələşmənin tamamlanması bir ilədək vaxt apara bilər.

Teleqraf xəbər verir ki, bu barədə konsorsiumun nümayəndələri “RIA Novosti” agentliyinə açıqlamalarında bildiriblər.

Əldə olunan razılaşmanın şərtlərinə əsasən, konsorsiumun tərkibinə ABŞ-nin “Eldridge” və “Xtellus Partners” maliyyə strukturları, Birləşmiş Ərəb Əmirliklərinin “Catena” investisiya fondu, eləcə də ABŞ Beynəlxalq İnkişaf Maliyyə Korporasiyası (DFC) daxildir.

Sövdələşmə qiymətli kağızların mübadiləsi yolu ilə həyata keçiriləcək. Konsorsium “Lukoyl”un və adları açıqlanmayan bir sıra Rusiya şirkətlərinin səhm paketləri müqabilində “Lukoil International GmbH” şirkətinin səhmlərinin 100 faizini əldə edəcək.

Qeyd edək ki, “Lukoil International GmbH” Rusiya şirkətinin xarici aktivlərini idarə edir.