BAKI, 26 noyabr. TELEQRAF

ABŞ-nin NATO üzrə müttəfiqləri Vaşinqtonun Avropadakı hərbi kontingentinin sayının azaldılması ilə bağlı qərarın qəbulunu dekabrın əvvəlindən daha sonrakı tarixə təxirə salacağına ümid edirlər.

Teleqraf xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi mənbələrə istinadən məlumat yayıb.

Bildirilib ki, NATO ölkələri Vaşinqtonun müvafiq qərarı dekabrın sonrakı günlərində və ya 2027-ci ildə qəbul edə biləcəyini istisna etmirlər.

Agentliyin mənbələri bunu ABŞ Prezidenti Donald Tramp administrasiyasının diqqətini Ukrayna münaqişəsinin həllinə yönəltməsi ilə əlaqələndirirlər.

Bundan əlavə, alyans ölkələrinin müdafiə xərclərini artırmağa hazır olması fonunda son həftələrdə ABŞ ilə NATO arasında münasibətlər yaxşılaşıb. Yaxın Şərqdə davam edən müharibə şəraitində Vaşinqtonun Avropadakı hərbi bazalara da ehtiyacı var.

Qeyd edək ki, sentyabrın ortalarında NBC News telekanalı ABŞ-nin Avropadakı hərbi kontingentinin ən azı 25 min nəfər azaldıla biləcəyi barədə məlumat yaymışdı. Amerikalı hərbçilərin sayının iki dəfə azaldılaraq 40 min nəfərə endirilməsi də istisna edilmirdi.

Lakin noyabrda “Bloomberg” ixtisarların daha məhdud miqyasda həyata keçirilə biləcəyini və ABŞ-nin Avropadakı hərbi kontingentinin təxminən 5 min nəfər azaldılmasının mümkün olduğunu bildirmişdi.