BAKI, 26 noyabr. TELEQRAF

ABŞ Ədliyyə Nazirliyi “Nvidia” şirkətinin baş direktoru Censen Huanqın milli təhlükəsizliyə təhdid yaradıb-yaratmadığını müəyyənləşdirmək üçün ayrıca rəsmi istintaq aparmayıb.

Teleqraf xəbər verir ki, bu barədə “Reuters” agentliyi məsələdən məlumatlı mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, ABŞ-nin baş prokuroru Todd Blanş “Nvidia”nın iki müştərisi – “Super Micro Computer” və “Megaspeed International” şirkətləri ilə bağlı davam edən araşdırmalar əsasında Huanqın qanun pozuntusuna yol verdiyini göstərən sübutların olmadığı qənaətinə gəlib.

Sözügedən şirkətlər qabaqcıl mikroçiplərin qanunsuz yollarla Çinə ötürülməsində şübhəli bilinirlər.

Blanş ötən həftənin sonunda ABŞ Prezidenti Donald Trampa və vitse-prezident Cey Di Vensə Huanqın milli təhlükəsizliyə təhdid yaratdığını göstərən sübutların olmadığını bildirib. Bu qiymətləndirmə onun “Nvidia”nın baş direktoru vəzifəsinə qaytarılmasında həlledici rol oynayıb.

Agentliyin mənbələrinin sözlərinə görə, araşdırmalar zamanı Huanqın Çin agenti kimi fəaliyyət göstərdiyinə və ya həssas yarımkeçirici texnologiyalarını bilərəkdən Çinə ötürdüyünə dair sübut aşkarlanmayıb.

“Nvidia” özü istintaqın hədəfi olmayıb və araşdırma çərçivəsində ABŞ Ədliyyə Nazirliyi ilə əməkdaşlıq edib.

Bununla belə, Huanqın vəzifəsinə qaytarılması ABŞ Konqresinin həm respublikaçı, həm də demokrat üzvlərinin narazılığına səbəb olub. Konqres üzvləri şirkətin və onun rəhbərinin milli təhlükəsizliyə mümkün təhdidlərlə əlaqəsinin daha ətraflı araşdırılmasının vacibliyini bildirirlər.

Huanqın gələn həftə Konqresdə ifadə verməsi gözlənilir.

Qeyd edək ki, Censen Huanq noyabrın 12-də şəxsi münasibətləri ilə bağlı yayılan iddialardan sonra “Nvidia”nın baş direktoru vəzifəsindən istefa vermişdi. Onun Çin kəşfiyyatı ilə əlaqədə şübhəli bilinən “Megaspeed” şirkətinin keçmiş rəhbər şəxslərindən biri Alis Huanqla münasibətdə olduğu iddia edilirdi.

“Reuters” Alis Huanqın Çin xüsusi xidmət orqanları ilə əlaqələrini müstəqil şəkildə təsdiqləyə bilmədiyini vurğulayıb.

Agentlik həmçinin ABŞ Federal Təhqiqatlar Bürosunun (FTB) Çin kəşfiyyatının casusluq üsulları ilə bağlı “Nvidia” rəhbərliyinə ən azı iki dəfə təhlükəsizlik brifinqi keçirdiyini bildirib.