BAKI, 26 noyabr. TELEQRAF

ABŞ Konqresi genişmiqyaslı silah tədarükünün maliyyələşdirilməsini təsdiqləməsə, Pentaqon İranla müharibə nəticəsində azalan silah ehtiyatlarını bərpa etmək üçün nəzərdə tutulan yüzlərlə raketi əldə edə bilməyəcək.

Teleqraf xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi Ağ Evin İnzibati-Büdcə İdarəsinin sənədlərinə istinadən məlumat yayıb.

Bildirilib ki, ABŞ administrasiyası federal hökumətin müvəqqəti maliyyələşdirilməsinə dair qanun layihəsinə Pentaqonun zəruri həcmdə silah almasına imkan verəcək müddəaların daxil edilməsinə çalışır.

Əks halda, Pentaqon 347 ədəd JASSM qanadlı raketini əldə edə bilməyəcək, SM-3 Block IIA zenit raketlərinin tədarükü isə nəzərdə tutulan 136 ədəd əvəzinə 12 ədədlə məhdudlaşacaq.

Həmçinin ABŞ-nin ehtiyac duyduğu sayda “Tomahawk” qanadlı raketlərinin alınması mümkün olmayacaq.

Qeyd edək ki, avqust ayında “The Washington Post” nəşri ABŞ Prezidenti Donald Trampın İranla qarşıdurmada silah çatışmazlığı məsələsində yanlış məlumatlandırılması ilə bağlı Pentaqon rəhbəri Pit Heqsetdən izahat tələb etdiyini yazmışdı.

Donald Tramp sonradan nəşrin iddialarını təkzib etmişdi.