BAKI, 26 noyabr. TELEQRAF

Suriyanın şimal-şərqində yerləşən Həsəkə şəhərində İŞİD terror təşkilatının hücumu nəticəsində iki daxili təhlükəsizlik əməkdaşı həlak olub, daha beş nəfər yaralanıb.

Teleqraf xəbər verir ki, bu barədə Suriyanın dövlət televiziyası məlumat yayıb.

Həsəkənin daxili təhlükəsizlik idarəsinin rəhbəri Mərvan əl-Əli “Əl-İxbariyyə” telekanalına açıqlamasında hücumun hərbi qərargaha qarşı həyata keçirildiyini bildirib.

Daxili təhlükəsizlik qüvvələrinin yaydığı açıqlamaya əsasən, hücumda iştirak edən dörd terrorçunun hamısı ölüb.

Qeyd edək ki, İŞİD fevral ayında Suriya Prezidenti Əhməd əş-Şaraanın hökumətinə qarşı əməliyyatların yeni mərhələsinə başladığını elan edib. Həmin vaxtdan etibarən terror təşkilatı xüsusilə ölkənin şimal və şərq bölgələrində hərbi və təhlükəsizlik qüvvələrinə qarşı silsilə hücumlar həyata keçirib.

Sentyabr ayında Suriya hakimiyyəti dörd vilayətdə fəaliyyət göstərən İŞİD şəbəkəsinin zərərsizləşdirildiyini, təşkilatın bir sıra rəhbər şəxslərinin və üzvlərinin saxlanıldığını açıqlamışdı.

Suriya hökuməti 2025-ci ilin noyabrında ABŞ-nin rəhbərlik etdiyi İŞİD-ə qarşı beynəlxalq koalisiyaya qoşulub.

Terror təşkilatı 2019-cu ildə Suriyada nəzarətində olan son ərazini itirsə də, gizli qruplaşmalar vasitəsilə fəaliyyətini davam etdirir.