BAKI, 26 noyabr. TELEQRAF

Fransa müxalifəti parlamenti əvvəlcədən məlumatlandırmadan Ukraynaya hərbçilər göndərdiyinə görə ölkə hökumətini tənqid edib.

Teleqraf xəbər verir ki, bu barədə “Politico” nəşri mənbələrinə istinadən məlumat yayıb.

Bildirilib ki, noyabrın 25-də Fransa Senatı Silahlı Qüvvələr Nazirliyi yanında nazir-deleqat Alis Rüfonu qapalı iclasa çağırıb. İclasda qanunvericilərə “Volia” (“İradə”) missiyası çərçivəsində fransalı hərbçilərin Ukraynada yerləşdirilməsi barədə məlumat verilib.

Hökumətin bu təşəbbüslə bağlı parlamenti əvvəlcədən məlumatlandırmaması müxalifət nümayəndələrinin etirazına səbəb olub.

Müxalif deputatlar fransalı hərbçilərin Ukraynada yerləşdirilməsinin ölkəni müharibəyə cəlb edə biləcəyindən narahatdırlar.

“Əgər bu hərbçilər döyüş əməliyyatlarına cəlb olunsalar, parlamentdə heç bir səsvermə keçirilmədən Fransa Rusiya ilə münaqişə vəziyyətinə düşə bilər. Hökumətin nəyin hərbi müdaxilə hesab olunacağını müstəqil müəyyənləşdirmək hüququ yoxdur”, – “Boyun əyməyən Fransa” partiyasının deputatı Bastyen Laşo bildirib.

2027-ci ildə keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürən cüdo üzrə Olimpiya çempionu Teddi Riner də Fransanın münaqişəyə cəlb olunması ehtimalını və hərbçilərin Ukraynaya gizli şəkildə göndərilməsini tənqid edib.