BAKI, 26 noyabr. TELEQRAF

Şimali Koreya lideri Kim Çen In ölkənin taktiki nüvə silahlarının müxtəlif sahələrdə yerləşdirilməsinə və tətbiqinə xüsusi diqqət yetirilməsinin vacibliyini bildirib.

Teleqraf xəbər verir ki, bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi (KCNA) məlumat yayıb.

Nüvə materiallarının istehsalı və silahların hazırlanması üzrə obyektlərə baxış keçirən Kim Çen In ölkənin nüvə materialları istehsal etmək imkanlarının sistemli şəkildə genişləndirildiyini vurğulayıb.

Şimali Koreya lideri ölkəsinin nüvə dövləti statusunun toxunulmaz olduğunu bəyan edib.

“Bizim nüvə potensialımız artıq reallıqdır”, – Kim Çen In bildirib.

Onun sözlərinə görə, Pxenyanın nüvə dövləti statusunu inkar etmək cəhdləri açıq müharibə elanı kimi qiymətləndiriləcək. Şimali Koreya milli suverenliyinin və təhlükəsizliyinin əsas təminatlarından biri hesab etdiyi nüvə silahlarından heç vaxt imtina etməyəcək.

Kim Çen In nüvə silahına malik olmağın ölkəsi üçün geri dönülməz seçim olduğunu da vurğulayıb.

Qeyd edək ki, Şimali Koreya 2006-cı ildən etibarən altı nüvə sınağı keçirib. Sonuncu və ən güclü nüvə sınağı 2017-ci ildə baş tutub. Ölkənin nüvə dövləti statusu isə 2023-cü ildə Konstitusiyada təsbit edilib.

Cənubi Koreyanın müdafiə naziri avqust ayında Pxenyanın 80-120 nüvə başlığına malik olduğunun ehtimal edildiyini açıqlayıb. Bununla belə, həmin göstəricinin rəsmi şəkildə təsdiqlənmədiyini bildirib.