BAKI, 14 fevral. TELEQRAF
ABŞ-nin dövlət katibi Marko Rubio Münxen Təhlükəsizlik Konfransında çıxışı zamanı Qərb dünyası ilə Çin arasındakı münasibətlərin gələcəyinə dair açıqlama verib.
Teleqraf xəbər verir ki, dövlət katibi Vaşinqton və Pekin arasında gərginliyə səbəb olan uzunmüddətli çağırışların mövcudluğunu vurğulayıb.
M. Rubio qeyd edib ki, mövcud problemlər təkcə ABŞ-ni deyil, bütövlükdə kollektiv Qərbi əhatə edir:
"Heç kəs illüziyalara qapılmamalıdır. Qərb və Çin arasında müəyyən fundamental ziddiyyətlər mövcuddur ki, bunlar müxtəlif səbəblərdən yaxın gələcəkdə də qalmaqda davam edəcək. Bu ziddiyyətlər münasibətlərdə gərginlik yaratmağa davam edəcək uzunmüddətli çağırışlardır".
Dövlət katibi konfrans zalında əyləşən avropalı siyasətçilərə müraciət edərək, Çinlə münasibətlərdə vahid strategiyanın vacibliyini diqqətə çatdırıb:
"Bu, bizim sizinlə birlikdə üzərində işləməli olduğumuz məsələlərdən bəziləridir. Çinlə münasibətlərdəki rəqabət və strateji qarşıdurma uzunmüddətli xarakter daşıyır".