BAKI, 14 fevral. TELEQRAF
Almaniyada keçirilən Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Danimarka, Qrenlandiya və ABŞ rəsmiləri arasında mühüm üçtərəfli görüş baş tutub.
Teleqraf xəbər verir ki, görüşdə Arktika bölgəsinin gələcəyi və təhlükəsizlik məsələləri əsas müzakirə mövzusu olub.
Danimarkanın Baş naziri Mette Frederiksen və Qrenlandiya hökumətinin rəhbəri Yens-Frederik Nilsen ABŞ-nin Dövlət katibi Marko Rubio ilə bir araya gəliblər. Baş nazir bu müzakirələri konstruktiv adlandıraraq, əməkdaşlığın xüsusi işçi qrupu çərçivəsində davam etdiriləcəyini vurğulayıb.
Qeyd edək ki, bu təmaslar yanvarın 14-də Vaşinqtonda ABŞ-nin Vitse-prezidenti Ceyms Devid Vensin iştirakı ilə keçirilmiş zirvə toplantısının davamıdır.