BAKI, 2 fevral. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp Birləşmiş Millətlər Təşkilatına (BMT) üzv olan ölkələri üzvlük haqları üzrə borclarını ödəməyə məcbur edə biləcəyini bildirib.
Teleqraf xəbər verir ki, o, bu barədə "Politico" nəşrinə açıqlamasında deyib.
Trampın sözlərinə görə, ona müraciət edilsəydi, NATO məsələsində olduğu kimi, bütün ölkələri ödəniş etməyə məcbur edərdi.
“Əgər bu məsələ ilə bağlı Trampa müraciət etsəydilər, hamını ödəməyə məcbur edərdim. NATO-da bunu necə etmişdimsə, burada da eyni cür edərdim”, – deyə o qeyd edib.
ABŞ Prezidenti bildirib ki, bunun üçün həmin ölkələrə sadəcə zəng etməsi kifayət edərdi və qısa müddət ərzində ödənişlər həyata keçirilərdi.
Xatırladaq ki, ötən ilin yazında Donald Tramp ABŞ-nin BMT strukturlarına etdiyi ödənişlərin əksəriyyətinin azaldılmasını təklif etmişdi.
Bundan əvvəl "Bloomberg" agentliyi ABŞ-nin Ümumdünya Səhiyyə Təşkilatından çıxma prosedurunu 260 milyon dollar borcla başa çatdırdığını yazmışdı.