BAKI, 21 sentyabr. TELEQRAF

Türkiyədə FETÖ ilə əlaqələrdə şübhəli bilinərək saxlanılan Qırğızıstan vətəndaşı Yermek Sabırjanov vətəninə qayıdıb.

Teleqraf xəbər verir ki, bu barədə məlumatı Qırğızıstanın Ankaradakı səfiri Ruslan Kazakbayev məlumat verib.

O bildirib ki, Sabırjanovla bağlı məsələ ilk gündən Qırğızıstan Prezidenti Sadır Japarovun və Xarici İşlər Nazirliyinin nəzarətində olub.

Qırğızıstan vətəndaşı sentyabrın 9-da İzmirdə birbaşa məhkəmə zalından azad edilib və ona Qırğızıstana qayıtmağa icazə verilib.

34 yaşlı Yermek Sabırjanov mayın 22-də Ankarada saxlanılıb və dindirilib, mayın 23-də isə həbs olunub. Hüquq-mühafizə orqanları onu Esenboğa Beynəlxalq Hava Limanında, həyat yoldaşı və üç uşağı ilə birlikdə Bişkek-Ankara-Şimali Kipr reysi ilə yola düşərkən saxlayıblar. Ailə istirahətə gedirmiş.

Türkiyənin hüquq-mühafizə orqanları onu FETÖ ilə əlaqələrdə ittiham ediblər. Yermek Sabırjanov 2014-cü ildə İzmirdə təhsil alıb.