BAKI, 21 sentyabr. TELEQRAF
Bu gün PAŞA Holding, SOCAR və İspaniyanın nüfuzlu IE Universiteti ilə strateji tərəfdaşlığı, Elm və Təhsil Nazirliyi və İqtisadiyyat Nazirliyinin dəstəyi çərçivəsində Bakıda Liderlik və İnnovasiya üzrə IE Mərkəzinin “AZEMBA” proqramının açılış mərasimi keçirilib.
Teleqraf xəbər verir ki, "AZEMBA" proqramı Azərbaycanda liderlik bacarıqlarının inkişafına, insan kapitalının gücləndirilməsinə və beynəlxalq təcrübənin ölkəyə gətirilməsinə töhfə verməyi hədəfləyir.
Tədbirdə çıxış edən “PAŞA Holding" MMC-nin baş icraçı direktoru Cəlal Qasımov bildirib ki, Azərbaycan inkişafının növbəti mərhələsinə qədəm qoyarkən, rəhbər kadrların təhsili böyük əhəmiyyət daşıyır:
“Rəhbərlərimizin keyfiyyəti şirkətlərimizin və institutlarımızın fəaliyyətinə, nəticə etibarilə isə ölkəmizin rəqabət qabiliyyətinə təsir göstərəcək.
“PAŞA Holding”də liderlərin inkişafı uzun müddətdir əsas prioritetlərimizdən biridir. Biz Azərbaycanda, Azərbaycan üçün və fəaliyyət göstərdiyimiz bütün ölkələr üçün güclü liderlər yetişdirmək istəyirik. Biz həmçinin təcrübədən bilirik ki, liderlik yalnız təlimlər vasitəsilə formalaşmır. Liderlik bilik və təcrübə ilə birləşdikdə, mövcud yanaşmalar sorğulandıqda və insanlar cavabların heç də həmişə açıq və aydın olmadığı vəziyyətlərdə düzgün qərar verməyi öyrəndikdə inkişaf edir. Bu proqram məhz belə bir mühit yaradır”.
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) vitse-prezidenti Zaur Qurbanov qeyd edib ki, “AZEMBA” proqramı azərbaycanlı peşəkarların qlobal akademik və biznes ekosisteminə inteqrasiyasına xidmət edir: “Bu təşəbbüslər bilik mübadiləsini daha da gücləndirəcək, liderlik və innovasiya imkanlarını inkişaf etdirəcək, tədqiqat və sahibkarlığı təşviq edəcək, həmçinin Azərbaycanın iqtisadi transformasiyasına və dayanıqlı inkişaf gündəliyinə töhfə verəcək”.
“IE University”nin Korporativ Əlaqələr üzrə İcraçı sədri Villiam Davila universitetin yarandığı gündən sahibkarlığa, innovasiyaya, müxtəlifliyə və qlobal düşüncəyə inandığını deyib: “Bakıda birgə MBA proqramının açılışını həyata keçiririk və iştirakçılarımızın bir qismi artıq təşkilatlara rəhbərlik edir, digərləri isə gələcəkdə rəhbər vəzifələrdə çalışacaqlar.
Bu yolun xüsusi mənası var. Çünki IE-nin Madriddən Azərbaycana qədər inkişafı sadəcə coğrafi genişlənmə hekayəsi deyil. Bu, həm də düşüncə tərzinin yayılması hekayəsidir.
IE yarandığı gündən sahibkarlığa, innovasiyaya, müxtəlifliyə və qlobal düşüncəyə inanıb. Onilliklər ərzində kiçik biznes məktəbi qlobal universitetə çevrilib. Universitet biznes və texnologiyanı, elmi, beynəlxalq münasibətləri, dizaynı, humanitar elmləri və bir çox digər bilik sahələrini bir araya gətirir”.
Qeyd edək ki, “AZEMBA” proqramı İqtisadiyyat Nazirliyi və Elm və Təhsil Nazirliyinin dəstəyi, SOCAR və İspaniyanın IE Universitetinin tərəfdaşlığı ilə həyata keçirilir.