BAKI, 21 sentyabr. TELEQRAF
Türkiyənin Ankara şəhərində keçirilən “Kültür Yolu” Festivalının açılışı dahi bəstəkar, Azərbaycan professional musiqi sənətinin banisi Üzeyir Hacıbəylinin xatirəsinə həsr olunub.
Bu barədə Teleqraf-a Türkiyədə fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzindən məlumat verilib.
Bildirilib ki, CSO Ada Ankara Ana Salonunda “İki dövlət – bir səhnə: Qardaş nəğmələr” adlı konsert proqramı təqdim edilib.
Konsert Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı səfirliyinin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzi ilə Türkiyə Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Dövlət Opera və Balet Baş Müdirliyinin birgə layihəsi çərçivəsində təşkil olunub.
18 sentyabr – Azərbaycanda Milli Musiqi Günü və Üzeyir Hacıbəylinin doğum günü münasibətilə keçirilən konsert proqramı 19 sentyabr tarixində Azərbaycan və Türkiyənin tanınmış opera sənətçilərini eyni səhnədə bir araya gətirib. Layihənin əsas məqsədi Üzeyir Hacıbəylinin zəngin yaradıcılıq irsinin Türkiyədə geniş təbliği, iki qardaş ölkə arasında mədəni əlaqələrin daha da möhkəmləndirilməsi və ortaq musiqi dəyərlərinin beynəlxalq ictimaiyyətə təqdim olunması olub.
Konsertdən əvvəl Üzeyir Hacıbəylinin həyat və yaradıcılıq yolu haqqında məlumat verilib. Bildirilib ki, dahi bəstəkar müsəlman Şərqində ilk operanın müəllifi, Azərbaycan professional musiqi sənətinin və milli bəstəkarlıq məktəbinin banisidir. Onun zəngin yaradıcılığının yalnız Azərbaycan musiqisinin deyil, bütövlükdə Türk dünyasının musiqi mədəniyyətinin inkişafına mühüm təsir göstərdiyi diqqətə çatdırılıb.
Qeyd olunub ki, Üzeyir Hacıbəyli milli musiqi ənənələrini Avropa klassik musiqisinin forma və janrları ilə yüksək peşəkarlıqla birləşdirərək yeni yaradıcılıq məktəbi formalaşdırıb.
Konsert Azərbaycanın Xalq artisti, tanınmış dirijor Yalçın Adıgözəlovun rəhbərliyi ilə Ankara Dövlət Opera və Balet Orkestri və Xorunun, eləcə də Azərbaycan və Türkiyənin tanınmış opera sənətçiləri Mara Hüseynova, Mahir Tağızadə, Mehmet Yılmaz, Şenol Tanınlı, Ezgi Karakaya və tar ifaçısı Mirnöfəl Hüseynovun iştirakı ilə təqdim olunub.
Proqramda Üzeyir Hacıbəylinin zəngin yaradıcılıq irsindən seçilmiş əsərlərlə yanaşı, Azərbaycan və Türkiyə bəstəkarlarının müxtəlif musiqi nümunələri, opera əsərlərindən parçalar və hər iki xalqın ortaq mənəvi-mədəni dünyasını əks etdirən kompozisiyalar səsləndirilib.