BAKI, 21 sentyabr. TELEQRAF
Ermənistanda radikal qüvvələr yalnız müxalifətdə deyil, dövlət strukturlarında da mövcuddur.
Teleqraf xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev “Azərbaycanın dövlətçilik tarixində Qafqaz Albaniyası irsi” mövzusunda keçirilən tədbirdə deyib.
Onun sözlərinə görə, Ermənistanda bəzi siyasətçilər müharibədə məğlubiyyətə baxmayaraq, strateji məsələləri gələcək üçün gündəmdə saxlamaq fikrindədirlər:
“Bəlkə də 10-15 ildən, 20 ildən sonra və ya daha tez bu məsələlərə qayıtmaq barədə müxtəlif fikirlər var. Biz bunlara hazır olmalıyıq”.
F.Şəfiyev qeyd edib ki, tarixi məsələlər üzrə vəziyyət dəyişərsə, Ermənistan tərəfi yenidən müəyyən iddialarla çıxış edə bilər:
“Azərbaycan bu məsələlərdə zəif ola bilməz. Bəli, Azərbaycanın kursu sülh və əməkdaşlığa, o cümlədən ticarət əlaqələrinin inkişafına yönəlib. Amma qarşı tərəfdə hamı belə düşünmür. Ona görə də bu məsələni diqqətdə saxlamalıyıq. Tarixdə ilişib qalmamalı, gələcəyə baxmalıyıq, eyni zamanda keçmişimizi də unutmamalıyıq”.