BAKI, 21 sentyabr. TELEQRAF

"Milli Məclisin deputatlarının səlahiyyətləri artırılmalıdır. Bəzən bizə deyirlər ki, siz yol çəkən, xəstəxana tikdirən deyilsiz. Siz ancaq qanunvericiliklə məşğul olmalısınız. Bəs, ayda iki dəfə niyə rayonlara göndərirsiniz?"

Teleqraf xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında deputat Səyyad Aran deyib.

"Ay nazirlər, sizin hünəriniz çatırsa, gedin özünüz camaatın içinə çıxın. Orada səni sözlə elə günə qoysunlar ki, adın da yadından çıxsın. Xalq o sözləri bizə deyir. Xalqın əlçatanı deputatlardır",- deputat deyib.

Səyyad Aran nazirlərin qəbul qaydasına etirazını bildirib: "Bu, düzgün deyil. Məsələn, səhiyyə naziri qəbula gedir. Bəndi-bərəni elə kəsdirirlər ki, ora yaxınlaşmaq olmur".

"Əvvəlcədən nisbətən yumşaq, zərərsiz çıxışları olan adamları siyahıya alıb içəri buraxırlar. Qışda isti, yayda sərin otaqlarda insanları... Nə isə, bu sözü demək istəmirəm. Əsl şikayəti olan gedib sözünü nazirə deyə bilmir", - deputat bildirib.