BAKI, 21 sentyabr. TELEQRAF

Qafqaz Albaniyasının tarixinin araşdırılması istiqamətində işlər gücləndirilməlidir.

Teleqraf xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev “Azərbaycanın dövlətçilik tarixində Qafqaz Albaniyası irsi” mövzusunda keçirilən tədbirdə deyib.

O bildirib ki, Azərbaycan ərazisində mövcud olmuş müxtəlif dövlətlərin hər biri ölkənin dövlətçilik tarixinə və milli kimliyinə müəyyən irs qoyub:

“Bu məsələlər hərtərəfli araşdırılmalı, tarixlə bağlı yaranan boşluqlara imkan verilməməlidir. Bir tarixçi kimi qeyd etmək istərdim ki, biz bu istiqaməti gücləndirməliyik. Gürcü və erməni dillərini, həmçinin Qafqazşünaslığı bilən mütəxəssislərin Azərbaycanda olması vacibdir. Biz bunlara sahib olmadan başqaları bu sahədə üstünlük əldə edir və tarixin saxtalaşdırılması halları baş verir”.

Mərkəz sədri Qafqaz Albaniyasının xristian irsi ilə bağlı məsələlərə də toxunub.

O bildirib ki, Azərbaycanda müxtəlif dini icmalara məxsus tarixi ibadət yerləri mövcuddur və ölkə bu irsi öz tarixi-mədəni sərvəti kimi qəbul edir.

F.Şəfiyevin sözlərinə görə, Qafqaz Albaniyasının tarixinin erməniləşdirilməsi cəhdlərinə qarşı Azərbaycan tarixçiləri əsaslandırılmış cavab verməlidirlər:

“Qafqaz Albaniyasının tarixi “Böyük Ermənistan” ideyasına müəyyən dərəcədə ziddir. Ona görə də bu istiqamətdə müqavimət və reaksiyanı görürük”.