BAKI, 21 sentyabr. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp Yəmənin üsyançı “Ənsarallah” Hərəkatına (husilər) qarşı hava zərbələrinə hazırlaşmaq barədə Pentaqona əmr verdikdən sonra hələlik bu hərbi kampaniyanın icrasını təxirə salıb.
Teleqraf xəbər verir ki, bu barədə “New York Times” ABŞ hökuməti rəsmilərinə istinadla məlumat yayıb.
Məlumata görə, Tramp Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salmanın birbaşa müraciətindən sonra ötən həftəsonu Pentaqondan husilərə hücuma hazırlaşmasını istəyib.
Nəşr yazıb ki, Pentaqon hədəflər siyahısını təsdiqləyib və ABŞ qüvvələri əməliyyat üçün seçilmiş qırıcı təyyarələrə bombaların yüklənməsinə başlayıb. Amma Tramp son anda zərbələrin həyata keçirilməsindən geri çəkilib və ya ən azı onları təxirə salıb.
Qeyd edilib ki, ABŞ Prezidentinin yaxın çevrəsinin üzvlərinin əksəriyyəti İrandan sonra daha bir cəbhənin açılmasına qarşı çıxıb.