BAKI, 26 yanvar. TELEQRAF

Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev ABŞ-nin atdığı addımlar nəticəsində strateji sahədə problemlərin getdikcə dərinləşdiyini bəyan edib.

Teleqraf xəbər verir ki, Medvedev bu barədə “Kommersant” qəzetinə müsahibəsində danışıb. Onun sözlərinə görə, ABŞ-nin sabitliyi pozan addımları, o cümlədən “Amerika üçün Qızıl Günbəz” adlı raketdən müdafiə layihəsi strateji müstəvidə riskləri artırır.

Medvedev qeyd edib ki, sözügedən layihə strateji hücum və müdafiə silahları arasında ayrılmaz əlaqə barədə mövqeyə ziddir və bu prinsip Strateji Hücum Silahlarının Azaldılması Müqaviləsinin preambulasında da təsbit olunub.

Siyasətçi, həmçinin Vaşinqtonun tammiqyaslı nüvə sınaqlarının bərpası ilə bağlı səsləndirdiyi bəyanatlara diqqət çəkib. Onun sözlərinə görə, bu cür addımlar Rusiya ilə ABŞ arasında istənilən mümkün strateji dialoqu ciddi şəkildə çətinləşdirir. Medvedev əlavə edib ki, bu kimi mənfi nümunələrin sayı kifayət qədər çoxdur.

Eyni zamanda o vurğulayıb ki, Amerika tərəfdən müsbət siqnallar açıq şəkildə yetərli deyil. Xüsusilə, DSNV-dən sonrakı dövrə dair Rusiya təşəbbüsünə hələ də müsbət reaksiya verilməyib.

Medvedevin fikrincə, qarşılıqlı etimadsızlığı gizlədən və digər ölkələrdə silahlanma yarışını təşviq edən yeni bir sazişdənsə, ümumiyyətlə belə bir razılaşmanın olmaması daha məqsədəuyğundur.