BAKI, 24 yanvar. TELEQRAF

Türkiyənin xarici işlər naziri Hakan Fidan Ukraynadakı münaqişə tərəflərinin müvafiq sənədlərin müzakirəsi çərçivəsində sülhə əhəmiyyətli dərəcədə yaxınlaşdığını bildirib. Bununla yanaşı, onun sözlərinə görə, hələ də mürəkkəb və həllini tapmamış məsələlər qalmaqdadır.

Teleqraf xəbər verir ki, Fidan bu barədə NTV telekanalına müsahibəsində danışıb.

“Hazırda sənədlər üzərində baxanda sülhə xeyli yaxınlaşmışıq. Problemlərin böyük hissəsi az-çox həll olunub. Lakin bir məsələ qalır. Görünür, ərazi məsələsi hələ də açıqdır. Bu, Donbas mövzusudur”, - deyə o qeyd edib.

Nazir bildirib ki, bu məsələ ilə bağlı hər iki tərəfin təklifləri var.

“Təfərrüata varmaq istəmirəm, çünki bu, çox həssas mövzudur. Amma silahsızlaşdırma, Donbasın birgə iqtisadi zona kimi formalaşdırılması və buna bənzər bəzi ssenarilər mövcuddur”, - deyə Fidan əlavə edib.

Onun fikrincə, digər sahələrdə ümidverici və təşviqedici addımlar atılarsa, irəliləyiş əldə etmək mümkündür.

“Açığı, amerikalıların bir qədər daha yaradıcı olmasını istərdim. Dünən Davosda Moskva səfərlərindən öncə ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və sahibkar Cared Kuşner ilə qısa söhbətimdə də bunu vurğuladım. Daha çox yaradıcılıq lazımdır. Vəziyyət artıq sülh nizamlanmasına çox yaxındır, münaqişə bitməlidir”, - deyə Türkiyə XİN rəhbəri bildirib.

Fidan xatırladıb ki, Türkiyə münaqişənin bütün tərəfləri ilə əlaqə saxlayır və onların mövqeləri barədə təsəvvürə malikdir.

“Ümid edirik ki, tərəflər həll yolu tapa biləcəklər. Tezliklə nizamlanmaya nail olunacağına ümid edirik”, - deyə nazir qeyd edib.