BAKI, 22 yanvar. TELEQRAF
ABŞ-nin sabiq prezidenti Bill Klinton və onun həyat yoldaşı Hillari Klinton maliyyəçi Ceffri Epşteynin işi üzrə aparılan araşdırma çərçivəsində məsuliyyətə cəlb edilə bilər.
Teleqraf xəbər verir ki, bu barədə "Axios" portalı məlumat yayıb.
Məlumata görə, ABŞ Konqresinin Nümayəndələr Palatasının Nəzarət və Hesabatlılıq Komitəsi Klinton cütlüyünün məhkəməyə hörmətsizlik və çağırış vərəqələri təqdim edildikdən sonra ifadə vermək üçün dindirilməyə gəlməməsi səbəbilə məsuliyyətə cəlb olunmasının lehinə səs verib.
Eyni zamanda bildirilir ki, komitə demokratların ABŞ-nin baş prokuroru Pam Bondinin Epşteyn işi üzrə materialların açıqlanmasını gecikdirməsinə görə məsuliyyətə cəlb edilməsini nəzərdə tutan düzəlişini rədd edib.
Qeyd edək ki, daha əvvəl "The New York Times" Klinton cütlüyünün Epşteyn işi üzrə ifadə verməkdən imtina etdiyini yazmışdı.