BAKI, 19 dekabr. TELEQRAF
Macarıstan, Çexiya və Slovakiya Avropa İttifaqının 2026–2027-ci illər üçün Ukraynaya 0 faizlə 90 milyard avro məbləğində kredit ayrılması mexanizmində iştirakdan hüquqi şəkildə imtina edib.
Teleqraf xəbər verir ki, Bu barədə Aİ-nin Ukrayna üzrə sammitinin yekun bəyanatında bildirilir.
Sənədə əsasən, Macarıstan və Slovakiya sammitin Ukrayna ilə bağlı yekun bəyanatını ümumiyyətlə imzalamayıb.
Bəyanatda qeyd olunur ki, Aİ sammiti maliyyə bazarlarında cəlb ediləcək və Aİ büdcəsinin zəmanəti ilə təmin olunacaq 90 milyardlıq avro güzəştli kreditin Ukraynaya verilməsi barədə qərar qəbul edib. Bununla yanaşı vurğulanır ki, bu kredit üçün Aİ büdcəsinin zəmanəti Çexiya, Macarıstan və Slovakiyanın maliyyə öhdəliklərinə təsir göstərməyəcək.
Sənədin son bəndində bildirilir ki, Ukrayna ilə bağlı bu bəyanatı Aİ-yə üzv 27 ölkədən 25-i qətiyyətlə dəstəkləyib.