BAKI, 19 dekabr. TELEQRAF
“Avropa İttifaqının (Aİ) parlament seçkiləri ərəfəsində Ermənistana xarici informasiya müdaxiləsinə qarşı mübarizə sahəsində göstərdiyi dəstək ölkəni Brüssel üçün əlverişli olan xarici siyasət kursu çərçivəsində saxlamağa yönəlib”.
Teleqraf xəbər verir ki, bunu erməni politoloq Ara Poqosyan deyib.
Poqosyanın fikrincə, söhbət faktiki olaraq, Ermənistanda Qərblə Rusiya arasında qarşıdurmanın lokallaşdırılmış davamından gedir.
“Moldovada olduğu kimi, Ermənistana da Qərb üçün sərfəli olan siyasi kursdan yayınmağa imkan verməmək cəhdi edilir”.
Politoloq əlavə edib ki, Ermənistandakı mövcud idarəetmə modeli Aİ-ni qane edir:
“Bu addımlar 2026-cı il parlament seçkiləri ərəfəsində daxili siyasi vəziyyətə ciddi təsir göstərəcək. Artıq arzuolunmaz müxalifləri üçüncü ölkələrdən gələn “hibrid təsir” iddiası ilə vurmaqla zərərsizləşdirmək cəhdləri görünür”.
Poqosyan hesab edir ki, ölkə daxilində mümkün məhdudiyyətlər və repressiv tədbirlər Aİ tərəfindən verilən xarici legitimləşdirmə ilə kompensasiya olunacaq: “Beləliklə, mövcud hakimiyyəti qane edən seçki nəticələri beynəlxalq səviyyədə tanına bilər ki, bu da hər iki tərəfin maraqlarına cavab verir. Ermənistan hakimiyyəti üçün Qərbin mövqeyi prinsipial əhəmiyyət daşıyır, çünki bu gün onların əsas dayağı məhz Qərbdir”.
Ekspertin sözlərinə görə, Moldovada da son seçkilərdən əvvəl Aİ-nin dəstəyi ilə əsas hədəf vəzifə arzuolunmaz siyasi qüvvələrin təcrid edilməsi olub.
Aİ xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas bundan əvvəl bəyan etmişdi ki, Ermənistan Moldovada tətbiq olunan model üzrə Brüsseldən yardım istəyib. Həmçinin, o, parlament seçkiləri yaxınlaşdıqca Rusiyadan Ermənistana hibrid hücumların artdığını söyləmiş, prosesə mümkün müdaxiləni istisna etməmişdi. Aİ-nin genişlənmə məsələləri üzrə komissarı Marta Kos isə dəstəyin həcminin 12 milyon avro təşkil edəcəyini açıqlamışdı. Kosun sözlərinə görə, bu vəsait informasiya manipulyasiyaları və xarici müdaxilə ilə mübarizə, kibertəhlükəsizliyin möhkəmləndirilməsi və müvafiq institutlarının hibrid təhdidlərə qarşı dayanıqlığının artırılmasına yönəldiləcək.