BAKI, 18 dekabr. TELEQRAF
Neft və qaz nəhəngi BP şirkətə yeni icraçı direktor təyin edib.
Teleqraf xəbər verir ki, Avstraliyanın “Woodside Energy” şirkətinə rəhbərlik edən Meg Onil BP-də mənfəəti artırmaq və şirkətin diqqətini bərpa olunan enerji layihələrindən yenidən ənənəvi neft-qaz fəaliyyətinə yönəltmək vəzifəsini üzərinə götürəcək.
Onil vəzifəsinin icrasına 2026-cı ilin aprelində başlayacaq. O BP-nin yüz ildən artıq tarixində şirkət xaricindən təyin olunan ilk icraçı direktor və dünyanın beş aparıcı neft şirkətindən birinə rəhbərlik edən ilk qadın olacaq.
Qeyd edək ki, BP bu ilin əvvəlində strategiyasında əsaslı dəyişiklik edərək bərpa olunan enerji üzrə planlaşdırılan layihələrə ayrılan milyardlarla dollar vəsaiti ixtisar edib və diqqəti yenidən ənənəvi neft və qaz fəaliyyətinə yönəldib. Şirkət 2027-ci ilədək 20 milyard dollar dəyərində aktivlərin satılmasını, borcların və xərclərin azaldılmasını öhdəsinə götürüb.
BP-nin yeni İdarə Heyətinin sədri Albert Manifold bəyanatında bildirib ki, son illərdə müəyyən irəliləyiş əldə edilib:
“Lakin səhmdarlarımız üçün dəyəri maksimuma çatdırmaq məqsədilə zəruri dəyişikliklər həyata keçirilməlidir. Bunun üçün isə daha yüksək tələbkarlıq və ciddi yanaşma lazımdır”.
ABŞ-nin Kolorado ştatından olan 55 yaşlı Meg Onil 2021-ci ildən “Woodside Energy”yə rəhbərlik edir. O, bundan əvvəl 23 il “Exxon Mobil”də çalışıb.
Meg Onil vəzifəsinin icrasına başlayana qədər BP-nin icraçı vitse-prezidenti Kerol Houl şirkətin müvəqqəti icraçı direktoru kimi fəaliyyət göstərəcək.
55 yaşlı Möri Okinkloss bu gün icraçı direktor vəzifəsindən ayrılacaq və keçidin problemsiz həyata keçirilməsi məqsədilə 2026-cı ilin dekabrınadək məsləhətçi rolunda qalacaq.