BAKI, 18 dekabr. TELEQRAF

Bakı Beynəlxalq Dəniz Limanında illik konteyner aşırma ilk dəfə 100 000 TEU səviyyəsinə çatıb.

Teleqraf xəbər verir ki, bu barədə Bakı Beynəlxalq Dəniz Limanına mediatur zamanı məlumat verilib.

Konteyner yükaşırmasının artım dinamikası bu nailiyyəti daha da əhəmiyyətli edir. Əgər 2020-ci ildə Bakı Limanı vasitəsilə 40 395 TEU konteyner daşınmışdısa, 2024-ci ildə 76 775 TEU konteyner daşınıb ki, bu da öz növbəsində 90% və ya 1.9 dəfə artım deməkdir. Car ildə isə illik 100 000 TEU həddinin aşılması limanın konteyner əməliyyatlarının səmərəliliyini göstərir və növbəti il üçün daha yüksək proqnozlara əsas yaradır.

Bununla yanaşı, limanın ümumi yükaşırma nəticələrində də davamlı artım müşahidə edilir. Əgər Ələt qəsəbəsində müasir liman kompleksinin istifadəyə verildiyi 2018-ci ildə Bakı Limanı vasitəsilə 3 milyon 787 min ton yük aşırılmışdısa, cari ilin 11 ayı ərzində bu rəqəm 7 milyon 547 min tona yüksəlib.