BAKI, 18 dekabr. TELEQRAF
Azərbaycanda Əlilliyi olan şəxslərin hüquqları haqqında Konvensiya və 2030-cu il Davamlı İnkişaf Gündəliyi əsasında mühüm irəliləyişlər əldə olunub.
Teleqraf xəbər verir ki, bunu BMT-nin Azərbaycan Nümayəndəliyinin rezident əlaqələndiricisi Vladanka Andreyeva “Mediada inklüziv dildən istifadənin təşviqi” mövzusunda keçirilən seminar zamanı bildirib.
Onun sözlərinə görə, bir neçə həftə əvvəl Dohada keçirilən Sosial İnkişaf Sammitində də vurğulanıb ki, sosial tərəqqi yalnız cəmiyyətin bütün təbəqələrinin tam şəkildə cəlb olunması ilə mümkündür:
Bu il BMT-nin Baş katibi əlillik üzrə sistem miqyasında altıncı hesabatını təqdim edib:
“Hesabat 2019–2024-cü illər ərzində əldə olunan irəliləyişləri əks etdirir və gələcək fəaliyyətlər üçün daha iddialı hədəflər müəyyən edir. Azərbaycanda Əlilliyi olan şəxslərin hüquqları haqqında Konvensiya və 2030-cu il Davamlı İnkişaf Gündəliyi çərçivəsində mühüm nailiyyətlər əldə olunub”.
O əlavə edib ki, xüsusilə Dayanıqlı İnkişaf Məqsədlərindən 10-cu (bərabərsizliklərin azaldılması) və 16-cı (sülh, ədalət və güclü institutlar) məqsədlərə diqqət yetirilir:
“Əldə olunan nəticələr qürurvericidir. Bununla yanaşı, əlilliklə bağlı məsələlərin media vasitəsilə necə işıqlandırılması və təqdim olunması sahəsində hələ də çətinliklər qalmaqdadır”.