BAKI, 18 dekabr. TELEQRAF

Ermənistan Daxili İşlər Nazirliyinin polis qüvvələri qanunla ona həvalə edilmiş funksiyaları yerinə yetirəcək, ictimai asayişi qoruyacaq və vətəndaşların təhlükəsizliyini təmin edəcək.

Teleqraf xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin bəyanatında bildirilib.

Nazirlik qeyd edib ki, dekabrın 17-də Erməni Apostol Kilsəsinin 10 yepiskopu bəyanat yayaraq xalqa müraciət edib və onları dekabrın 18-də saat 17:00-da Eçmiədzin kafedralına dəvət edib:

“Bu açıqlamadan sonra Erməni Apostol Kilsəsinin Araqatsotn yeparxiyası başqa bir açıqlama verərək, dekabrın 18-də saat 19:00-da Araqatsotn yeparxiyasının Byurakan şəhərindəki Ovannes kilsəsində keçirilməsi planlaşdırılan birgə liturgiyanın başqa yerdə, həmin gün saat 17:00-da Eçmiədzində keçiriləcəyini bildirib.

Erməni Apostol Kilsəsinin Araqatsotn yeparxiyasının açıqlamasından sonra bəzi vətəndaşlar və sosial media istifadəçiləri təxribatçı və qızışdırıcı paylaşımlar ediblər.

Sizi qanunsuz, təxribatçı hərəkətlərdən çəkinməyə, başqalarının hüquqlarına hörmət etməyə, təxribatlara uymamağa və ictimai asayişi qoruyan polis əməkdaşlarının qanuni tələblərinə tabe olmağa çağırırıq.

Daxili İşlər Nazirliyinin polis qüvvələri qanunla ona həvalə edilmiş funksiyaları yerinə yetirəcək, ictimai asayişi qoruyacaq və bütün vətəndaşların təhlükəsizliyini təmin edəcək. İstənilən qanunsuz təzahür müvafiq cinayət və hüquqi qiymətə məruz qalacaq”.