BAKI, 14 dekabr. TELEQRAF

"Ukrayna Rusiyanın mümkün təkrar hücumunun qarşısını almaq üçün ilkin mərhələdə təhlükəsizlik zəmanətlərini NATO-ya üzvlük vasitəsilə əldə etmək istəyib".

Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski jurnalistlərlə söhbətində deyib.

“Bu yanaşmanı ABŞ və Avropadakı bəzi tərəfdaşlarımız dəstəkləmədi. Buna görə də hazırda Ukrayna ilə ABŞ arasında ikitərəfli təhlükəsizlik zəmanətləri, yəni NATO-nun 5-ci maddəsinə bənzər təminatlar, həmçinin Avropalı tərəfdaşlarımızdan və digər ölkələrdən (Kanada, Yaponiya və başqalarından) təhlükəsizlik zəmanətləri bizim üçün alternativ yol kimi dəyərləndirilir. Bu zəmanətlər Rusiyanın növbəti təcavüzünün qarşısını almağa yönəlib və bu, artıq bizim tərəfimizdən kompromisdir”, – deyə Zelenski bildirib.

Xatırladaq ki, daha əvvəl "Axios" nəşri ABŞ-nin Ukraynaya NATO-nun 5-ci maddəsi əsasında təhlükəsizlik zəmanətləri təqdim etməyi təklif etdiyini yazmışdı. Bununla yanaşı, nəşrin məlumatına görə, Vaşinqton razılaşma çərçivəsində Kiyevdən Donetsk və Luqansk vilayətlərinin hazırda nəzarətində olan bəzi ərazilərindən çıxmağı da müzakirə mövzusu kimi gündəmə gətirib.

Məlumata əsasən, ABŞ tərəfi mümkün sülh sazişi çərçivəsində ərazi güzəştlərini nəzərdə tutan referendumun keçirilməsi ideyasını da irəli sürüb.