BAKI, 30 noyabr. TELEQRAF
ABŞ administrasiyası noyabrın 30-da Florida ştatında Ukrayna nümayəndə heyəti ilə keçirilən məsləhətləşmələr zamanı Vaşinqton üçün prinsipial əhəmiyyət daşıyan iki əsas məsələ, ərazilər və təhlükəsizlik zəmanətləri ilə bağlı fikir ayrılıqlarını aradan qaldırmağı planlaşdırır.
Teleqraf xəbər verir ki, bu barədə "Axios" məlumat yayıb.
Məlumata görə, ötən həftə Cenevrədə ABŞ-nin Ukrayna üzrə yeni sülh planı ətrafında keçirilən görüşlərdə tərəflər demək olar ki, bütün məsələlər üzrə ilkin razılıq əldə ediblər. Yeganə açıq qalan mövzular ərazi məsələsi və təhlükəsizlik zəmanətləri olub. Portalın ABŞ rəsmilərinə istinadən verdiyi məlumata görə, Ağ Ev məhz 30 noyabr məsləhətləşmələrində bu iki məsələ üzrə fikir ayrılıqlarını aradan qaldırmaq niyyətindədir. Mənbə bildirib ki, “ukraynalılar ABŞ tərəfinin onlardan nə gözlədiyini yaxşı bilirlər”.
Eyni zamanda "Financial Times" nəşri ukraynalı məmurlara istinadən yazır ki, ABŞ-nin sülh planında ən çətin bəndlərin taleyi birbaşa ABŞ prezidenti Donald Tramp və Ukrayna prezidenti Volodimir Zelenski arasında müzakirə ediləcək. Bu məsələlərə ərazilər, təhlükəsizlik zəmanətləri və Ukraynanın "NATO"ya üzvlük perspektivi ilə bağlı formulalar daxildir.
ABŞ Dövlət Departamentinin məlumatına görə, Floridadakı məsləhətləşmələrdə Amerika tərəfini dövlət katibi Marko Rubio, ABŞ prezidentinin xüsusi elçisi Stiven Uitkoff və Donald Trampın kürəkəni Cared Kuşner təmsil edəcək.
Ukrayna nümayəndə heyətinin tərkibinə isə Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov və xarici işlər nazirinin birinci müavini Sergey Kislitsa daxildir.