BAKI, 27 noyabr. TELEQRAF

Argentina hökuməti Birləşmiş Millətlər Təşkilatının baş katibi postuna Beynəlxalq Atom Enerjisi Agentliyinin rəhbəri Rafael Qrossinin namizədliyini irəli sürüb.

Teleqraf xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri Pablo Kirno "X" sosial şəbəkə hesabında məlumat verib.

“Bu gün Rafael Qrossinin BMT-nin Baş katibi vəzifəsinə namizədliyini irəli sürmək mənim üçün böyük şərəf və imtiyazdır”, - Kirno paylaşımında bildirib.

Nazir vurğulayıb ki, Qrossinin MAQATE-yə altı il rəhbərlik etdiyi dövrdə əldə etdiyi nəticələr bütün dünya tərəfindən müstəsna kimi qiymətləndirilir. Onun sözlərinə görə, Qrossi mürəkkəb və böhranlı situasiyalarda yüksək liderlik keyfiyyətlərini nümayiş etdirib.

Pablo Kirno qeyd edib ki, qlobal çağırışların artdığı indiki şəraitdə BMT beynəlxalq nüfuzunu gücləndirmək üçün islahatlara ehtiyac duyur. Nazirin fikrincə, Qrossinin malik olduğu keyfiyyətlər bu gözləntilərin doğruldulması üçün həlledici əhəmiyyət daşıyır.

Hazırda BMT-yə rəhbərlik edən Antonio Quterreşin səlahiyyət müddəti 2026-cı ildə başa çatır. Baş katib postu üçün namizədlərin seçilməsi prosesi isə 25 noyabr tarixindən etibarən başlanılıb.