BAKI, 29 avqust. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp nəyin bahasına olursa olsun, Ukraynada müharibənin mümkün qədər tez bitməsini istəyir.

Teleqraf xəbər verir ki, bu barədə “The Atlantic” nəşri ABŞ administrasiyasının yüksək vəzifəli rəsmisinə istinadən yazıb.

Bildirilir ki, Tramp son günlərdə Ukraynada müharibə ilə bağlı diplomatik cəhdlərin heç bir nəticə verməməsindən narazılıq ifadə edib. Ağ Ev rəhbərinin narazılığını Respublikaçılar Partiyasında Rusiyanın bəzi əleyhdarları, o cümlədən, prezidenti yenidən Rusiyaya qarşı sanksiyalar tətbiq etməyə çağıran senator Lindsi Qrem artırıb.

Bundan əlavə, nəşrin mənbələrinin bildirdiyinə görə, Tramp Ukrayna Prezidenti Volodimir Zelenskidən və Avropadan müəyyən məyusluğunu ifadə edib, onların tələblərini qeyri-real adlandırıb. Onun fikrincə, müharibənin bitməsi üçün Ukrayna ərazisinin bir hissəsindən imtina etməlidir.