BAKI, 30 iyun. TELEQRAF
Rusiyanın İnsan Hüquqları üzrə Müvəkkili Tatyana Moskalkova Yekaterinburqda azərbaycanlıların saxlanılması və onlara qarşı həyata keçirilən zorakılıqla bağlı Rusiya Baş Prokurorluğuna rəsmi müraciət ünvanlayıb.
Teleqraf xəbər verir ki, bu barədə Moskalkova özünün “Telegram” kanalında məlumat yayıb.
O bildirib ki, bu barədə ona Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili Səbinə Əliyeva tərəfindən rəsmi müraciət daxil olub.
Moskalkova qeyd edib ki, hüquq-mühafizə orqanlarının hərəkətlərinin qanunauyğunluğunun və əsaslılığının araşdırılması üçün Baş Prokurorluğa müraciət edib.
Ombudsman xüsusilə əməliyyat tədbirləri zamanı vətəndaşların hüquqlarının qorunmasına diqqət yetirilməsinin vacibliyini vurğulayıb.
Bununla yanaşı, Moskalkova Sverdlovsk vilayətinin hüquq müdafiəçisi Tatyana Merzlyakova ilə daimi əlaqə saxladığını bildirib. Onun sözlərinə görə, regional ombudsman hüquqşünaslar və azərbaycanlı icmasının nümayəndələri ilə birgə işləyərək hüquqi prosedurların pozulmamasına nəzarət edir.