BAKI, 23 may. TELEQRAF

Ukraynanın iqtisadiyyat nazirinin müavini və ticarət nümayəndəsi Taras Kaçka yeraltı sərvətlərlə bağlı saziş üzərində işləyərkən ABŞ Prezidenti Donald Tramp tərəfindən təzyiq göstərilməsindən şikayətlənib. O həmçinin ABŞ tərəfi ilə danışıqları mafiya filmləri ilə müqayisə edib.

Teleqraf xəbər verir ki, bu barədə o, “The Times” qəzetinə verdiyi müsahibədə bildirib.

"Əlbəttə, biz Prezident Trampın “Truth Social” sosial şəbəkəsində etdiyi paylaşımları görürdük. Amma bu paylaşımlardan emosiyaları çıxarsaq, bu sadəcə sazişin burada və indi əldə olunmasına güclü marağı göstərirdi", - nazir müavini əlavə edib.

Taras Kaçka danışıqları "tünd kostyumlu insanların sakitcə həyat və ölüm məsələlərini həll etdiyi" filmlərlə müqayisə edib. "Bu, mafiya filmi kimi sakit bir söhbət idi", - o deyib.

Ukrayna Baş nazirinin birinci müavini - iqtisadiyyat naziri Yuliya Sviridenko qəzetə bildirib ki, sazişin həyata keçirilməsi xeyli vaxt və böyük xərclər tələb edəcək. "Bizə 5 milyard dollardan 10 milyard dollara qədər investisiya lazımdır - kritik xammal layihələrinin həyata keçirilməsi xeyli vaxt və çox böyük xərclər tələb edir. Yeni layihələr bizdən geoloji kəşfiyyat, ilkin qiymətləndirmə və texniki-iqtisadi əsaslandırma tələb edir", - Sviridenko izah edib.

Bundan əvvəl Ali Radanın deputatı Nina Yujanina etiraf edib ki, Ukraynada Vaşinqtonu maraqlandıracaq yeraltı sərvətlərin olmadığı aşkar olunarsa, Trampın göstərəcəyi sərt reaksiyadan ehtiyat edir. Onun sözlərinə görə, geoloji xəritələr hələ sovet dövründə tərtib edilib. Əgər onlar reallığa uyğun olmasa, Kiyev Vaşinqtonun dəstəyindən tamamilə məhrum ola bilər.